
BAKI, 8 aprel. TELEQRAF
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, nazir Məcnun Məmmədov Kəlbəcərdə Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə görüşüb. Keçirilən görüşdə azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini müzakirə edilib, Kəlbəcər şəhərinin Baş Planına əsasən tikinti işlərinin sürətlə davam etdirildiyi qeyd olunub.
Həmçinin nazir Kəlbəcər və Şərqi Zəngəzurda əkin üçün yararlı torpaqlarda aqrar infrastrukturun yaradılmasına həsr olunmuş iclasda da iştirak edib. Görüşdə yaylaqlara köç, qoyunçuluq və arıçılığın inkişafı, fermerlərin təklifləri və ehtiyacları müzakirə olunub.
Səfər çərçivəsində Kəlbəcərdə yaradılmış eksperimental yak təsərrüfatı və Ağdərənin Umudlu kəndində əkin sahələri və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Aqrar sahədə innovasiyalar, yem təminatı və dövlət dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb.