BAKI, 14 avqust. TELEQRAF

Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" (Ensxede) klubu ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, Niderland futbolunun köklü təmsilçilərindən olan Ensxede klubu 1965-ci ildə şəhərin iki yerli kollektivi – "Sportklub Ensxede" (1926-cı il Niderland çempionu) və "Ensxejede Boyz" klublarının birləşməsi nəticəsində yaradılıb.

Niderland təmsilçisi ilk böyük uğurlarına 1970-ci illərdə nail olub. Komanda 1973/1974 mövsümündə ölkə çempionatında gümüş medallara yiyələnib, növbəti mövsümdə – 1974/1975-ci illərdə isə UEFA Kubokunun finalınadək irəliləyərək Almaniyanın "Borussiya" (Mönxengladbax) klubuna məğlub olub.

Klub ölkə miqyaslı ilk titulunu 1977-ci ildə Niderland Kubokunu qazanmaqla əldə edib. Müasir tarixində müxtəlif maliyyə çətinlikləri və hətta aşağı liqaya düşmə həyəcanı yaşayan "Tvente" 2009/2010 mövsümündə tarixində ilk dəfə Niderland çempionu (Eredivisie) adını qazanıb. Ensxede təmsilçisi, həmçinin 3 dəfə ölkə kubokunun (1977, 2001, 2011) və 2 dəfə Niderland Superkubokunun (2010, 2011) qalibi olub.

"Tvente"nin hazırkı baş məşqçisi niderlandlı mütəxəssis Yon van den Bromdur.

Niderland təmsilçisi ev oyunlarını 1998-ci ildə istifadəyə verilən və 30 205 tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Arena klubun əvvəlki stadionu olan "Dıkman"ı əvəz edib.

Heyətində yerli futbolçularla yanaşı Almaniya, İndoneziya, Əlcəzair, Xorvatiya, ABŞ, Norveç, İslandiya, Mərakeş, İsrail və Polşadan olan legionerlər yer alır. Komandanın kapitanı İndoneziya millisinin müdafiəçisi Mis Hilqersdir.

Konfrans Liqasının pley-off mərhələsinə qatılan "Tvente" III təsnifat mərhələsində Slovakiya təmsilçisi "DAK 1904" klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb (6:0, 3:3).

"Qarabağ" və "Tvente"nin yolları rəsmi turnirlərdə ilk dəfə Avropa Liqasının 2009/2010 mövsümündə kəsişib. Həmin vaxt Niderlandda keçirilən ilk matçda "Tvente" 3:1 hesabı ilə qalib gəlib, Bakıdakı cavab qarşılaşması isə qolsuz bərabərliklə (0:0) başa çatdığı üçün niderlandlılar mərhələni keçib. Komandalar 2014/2015 mövsümündə də Avropa Liqasının pley-off mərhələsində qarşılaşıblar. Bakıda 0:0, Ensxededə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Məhz 2014-cü ildəki bu heç-heçə "Qarabağ"ın səfər qolu qaydası sayəsində tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib. Həmin vaxtdan bəri ağdamlılar heç vaxt avrokubokların təsnifat mərhələlərində mübarizəni dayandırmayıblar.

Bundan əlavə, iki komanda 2025-ci ilin iyulunda yoldaşlıq matçlarında da üz-üzə gəlib. Keçirilən iki sınaq qarşılaşmasının birində "Qarabağ" 3:2 hesabı ilə qələbə qazandığı halda, digər matçda "Tvente" 2:1 hesabı ilə üstün olub.

Xatırladaq ki, "Qarabağ"la "Tvente" arasında ilk oyun avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq.