GORANBOY, 3 fevral, TELEQRAF
Goranboyda 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.
Teleqraf-ın Goranboya ezam olunmuş əməkdaşı xəbər verir ki, Goranboy şəhər 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə əvvəlcə ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, bu, həm böyük qürur, həm də ciddi məsuliyyətdir. O, gənclərin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaratmağa hazır olduqlarını söyləyib. İcra başçısı il ərzində keçiriləcək çoxsaylı layihələr və tədbirlərlə etimadı doğruldacaqlarını deyib.
Gənclər və idman naziri Fərid Qayıbov isə vurğulayıb ki, Goranboy rayonu bu il Azərbaycan gəncliyinin mərkəzi olacaq. O, Goranboy gənclərindən il ərzində böyük fəallıq və uğurlu nəticələr gözlədiyini bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov ötən il “Gənclər Paytaxtı” seçilən Sumqayıtın bu statusu böyük uğurla daşıdığını qeyd edib. Fərid Qayıbov tərəfindən Teymur Səmədova təşəkkür plaketi, Məhərrəm Quliyevə isə “Gənclər Paytaxtı” simvolik açarı təqdim olunub.
Sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycanda gənclər siyasətinin dövlət strategiyasının prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra “Gənclər Paytaxtı” Goranboyun loqosu və maskotu ictimaiyyətə təqdim edilib.