GƏNCƏ, 29 sentyabr. TELEQRAF
"İlk öncə Özbəkistanın idman ictimaiyyəti adından Azərbaycanı təbrik etmək istəyirəm. Dünən Gəncədə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasiminin möhtəşəm olduğunu qeyd etmək istərdim".
Teleqraf xəbər verir ki, bunu Özbəkistanın gənclər siyasəti və idman naziri Adham İkramov Gəncədə keçirilən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanın III MDB Oyunlarına hazırlığı barədə söz açıb: "Hazırlıq asan deyildi, lakin biz yarışlara ev sahibliyi edən yeddi şəhərdə idman infrastrukturunun yüksək səviyyədə olduğunu gördük. Bu məkanların hazırlığına şəxsən Azərbaycan Prezidenti İlham Əliyev nəzarət edirdi. Bu, həqiqətən heyranedicidir, çünki MDB Oyunlarının keçirildiyi məkanlar paytaxt Bakıda deyil, məhz bölgələrdədir. İkincisi, könüllülüyün yüksək səviyyədə olduğunu qeyd etmək istərdim. Üç mindən çox azərbaycanlı gənc bu tədbirlərin təşkilində iştirak edir. Təbii ki, bu, beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik olacaq bu yeddi şəhərin gələcəyi üçün mühüm hadisədir".
Özbəkistanlı nazir ölkəsinin III MDB Oyunlarında 254 idmançı təmsil etdiyini söyləyib: "Biz inanırıq ki, oktyabrın 8-ə qədər istədiyimiz nəticələri əldə edəcəyik, çünki ambisiyalarımız kifayət qədər yüksəkdir. İdman növlərinin əksəriyyətində gənclər iştirak edir. Əminəm ki, Gəncədə və digər şəhərlərdə iştirak edən idmançılar gələcəkdə keçiriləcək irimiqyaslı beynəlxalq tədbirlərdə dünya səhnəsində də özlərini sübut edəcəklər".
O, MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının iclasının təşkilatçılığına görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib: "Biz 2026-cı il tədbir planları ilə bağlı bütün məsələləri müzakirə etdik. Həmçinin 2024–2026-cı illər proqramının plana uyğun olaraq keçdiyini müzakirə etdik".