BAKI, 25 dekabr. TELEQRAF

“Promart” MMC-yə daxil olan “Megastore” mağazalar şəbəkəsində çalışan filial müdirinin işdən çıxarılması qanunsuz hesab edilib.

Teleqraf xəbər verir ki, “Megastore” mağazalar şəbəkəsinin “Saray” filialında mağaza müdiri vəzifəsində çalışan xanım səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə işdən azad olunmaq üçün şirkət rəhbərliyinə müraciət edib. O, tibbi arayış alaraq sənədləri şirkətə təqdim edib.

Lakin şirkət rəhbərliyi əməkdaşın müraciətini qəbul etməyib və filialda audit yoxlaması aparılacağını bildirib. Audit zamanı filialda 10 min manat məbləğində kəsir aşkar edildiyi iddia olunub.

Şirkət rəhbərliyi mağaza müdirindən sözügedən məbləğin ödənilməsini tələb edib, əks halda onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv ediləcəyi bildirilib.

Xanım əməkdaş isə uzun illər ərzində şirkətdə çalışdığını, indiyədək aparılan heç bir yoxlama zamanı kəsir aşkar olunmadığını və vəzifə öhdəliklərini qüsursuz yerinə yetirdiyini qeyd edib.

Nəticədə, “Promart” MMC tərəfindən mağaza müdirindən 10 min manatın tutulması mümkün olmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilib.

Bununla razılaşmayan xanım məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı şirkətin qanunsuz hərəkətləri sübuta yetirilib.

Məhkəmənin qərarına əsasən, “Promart” MMC-nin əməkdaşın işdən çıxarılması ilə bağlı əmri etibarsız hesab edilib. Əmək və Məşğulluq Altsistemində (ƏMAS) iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qeydiyyat sistemdən silinib.