BAKI, 18 avqust. TELEQRAF

“Dalyan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfər Sumqayıt şəhəri ərazisində MMC-nin fəaliyyəti ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Ağayev Zamin Zahid oğlu barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə göndərilib.

O, müvafiq qərarla 3 min manat inzibati cərimə edilib.