BAKI. 18 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 505 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, 4 nəfər təxliyə olunub, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.