BAKI, 9 may. TELEQRAF

Masallıda qəzada xəsarət alanların vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 13:30 radələrində Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 1-i kişi, 2-si qadın cinsli olmaqla 3 nəfər hospitalizasiya olunub.

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib.

Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

Hadisə zamanı 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

15:21

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirlib.

İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.