
BAKI, 18 fevral, TELEQRAF
2024-cü il ərzində ölkədə 33379 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin göstəricisindən 9,3 faiz azdır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd olunub.
Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 36 bənd azalaraq 327 olub. Onların 59,4 faizini az ağır, 26,4 faizini böyük ictimai təhlükə törətməyən, 14,2 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Cinayətlərin strukturunda 13550 hadisə iqtisadi sahədə, 13273 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5337 hadisə şəxsiyyət əleyhinə, 1184 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 321 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 35-i isə digər hüquqazidd əməllərdir.
Qeydə alınmış 5337 şəxsiyyət əleyhinə olan cinayətlərin 88,7 faizi (4736 cinayət) həyat və sağlamlıq əleyhinə olan cinayətlərə, 4,4 faizi (237 cinayət) şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərə, 3,9 faizi (209 cinayət) 111 şəxsiyyətın cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə, 2,4 faizi (130 cinayət) insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlərə, 0,5 faizi isə (25 cinayət) yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlərə aiddir.
Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin 3539-nu qəsdən sağlamlığa yüngül zərər vurma, 580-ni qəsdən sağlamlığa az ağır zərər vurma, 275-ni qəsdən sağlamlığa ağır zərər vurma, 218-ni qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 14-nü ehtiyatsızlıqdan adam öldürmə, 38-ni əzab vermə, qalanlarını isə digər cinayətlər təşkil edib.