Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in Mətbuat Xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən söndürülüb.
"Yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.
“KamAZ” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub".
Bildirilir ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
10:26
Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş verən ağır yol qəzasından əməliyyat görüntüləri yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hazırda həmin ərazidə hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.
Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
10:09
Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Qeyd edək ki, bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə nəticəsində bir nəfər həlak olub.
***
09:16
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb, bir nəfər ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Baş DYP İdarəsinin məlumatına görə, hadisə bugun saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib. Avtomobillərdə yanğın başlayıb, onlardan biri yanacaq daşıyan avtomobildir.
***
08:48
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.