BAKI, 23 yanvar. TELEQRAF

ABŞ Prezidentinin nümayəndələri Kremlində keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putinə Davosda Ukrayna ilə bağlı aparılan təmasların nəticələri barədə məlumat veriblər. Bu təmaslara ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü də daxil olub.

Teleqraf xəbər verir ki, bunu brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Onun sözlərinə görə, amerikalı nümayəndələr Moskvaya birbaşa Davosdan gəliblər və ABŞ prezidentinin iştirakı ilə keçirilən tədbirlərdə, o cümlədən Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə fəal iştirak ediblər.

Uşakov bildirib ki, Rusiya liderinin qonaqları ABŞ prezidentinin Davosda Zelenski ilə keçirdiyi görüşlə bağlı təəssüratlarını və son qiymətləndirmələrini birbaşa mənbədən bölüşüblər. Qeyd olunub ki, həmin görüşdə həm Stiven Uitkoff, həm də Cared Kuşner şəxsən iştirak edib.

Bundan əlavə, Uşakovun sözlərinə görə, ABŞ nümayəndələri dekabr-yanvar aylarında Florida ştatının Mar-a-Laqo iqamətgahında, eləcə də bir sıra Avropa paytaxtlarında keçirdikləri digər təmaslara dair də öz qiymətləndirmələrini təqdim ediblər.