BAKI, 16 yanvar. TELEQRAF

Məhkəmə “Qalatasaray”ın sabiq hücumçusu Ümit Karanın barəsində həbs qətiimkan tədbiri seçib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu iki gün öncə İstanbulun Sabiha Gökçen Hava Limanında saxlanılmışdı.

Ümit Karan polis tərəfindən narkomaniyaya qarşı aparılan genişmiqyaslı əməliyyat çərçivəsində istintaqa cəlb olunmuşdu.

Ü.Karanla birlikdə 13 nəfər eyni maddə üzrə həbs edilib.

Ümit Karan "narkotik və ya stimulyator maddə alveri"ndə ittiham olunur.

Qeyd edək ki, Ümit Karan futbolçu karyerasını başa vurduqdan sonra televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərirdi. O, “Qalatasaray” forması ilə Türkiyə çempionatında və avrokuboklarda uğurlu çıxışları ilə tanınıb.

Türkiyədə məşhur şəxslərə qarşı başladılan narkotik araşdırması çərçivəsində saxlanılan məşhurlar arasında DJ Merve Sanay, Deniz Berk Cengiz, Çağla Boz, aktrisa Melis Sabah, Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkın da var.