BAKI, 15 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran müxalifətinin tanınmış simalarından biri olan Rza Pəhləvinin ölkə daxilində geniş ictimai-siyasi dəstək qazana biləcəyinə şübhə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Reuters"ə müsahibəsində danışıb. ABŞ prezidenti qeyd edib ki, hazırda İrana rəhbərlik edəcək konkret fiquru dəstəkləmir.
“Düşünürəm ki, o, yaxşı insandır, amma öz ölkəsində necə qəbul olunacağını bilmirəm. Onun liderliyinin qəbul ediləcəyinə əmin deyiləm”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, əgər İranda siyasi sistem dəyişərsə, ölkəni maraqlı və mürəkkəb bir dövr gözləyə bilər. Onun sözlərinə görə, istənilən rejimin süqutu mümkündür, lakin bu prosesin nəticələri əvvəlcədən proqnozlaşdırıla bilməz.
Qeyd edək ki, Rza Pəhləvi 1979-cu il İslam İnqilabından sonra ölkəni tərk edib və hazırda xaricdə yaşayır. O, son dövrlər ABŞ mediasında çıxış edərək Vaşinqtonu İranda etirazçılara daha fəal dəstək göstərməyə çağırır.