BAKI, 29 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında aparılan danışıqların “son mərhələyə” çatdığını bildirib və müharibənin ya yaxın zamanda başa çata, ya da uzun müddət davam edə biləcəyini deyib.

Teleqraf xəbər verir ki, Tramp bu açıqlamanı Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü ərəfəsində jurnalistlərə verib. O, razılaşma üçün real imkanların mövcud olduğunu vurğulayıb.

“Düşünürəm ki, razılaşmanın əsasları formalaşıb. Proses çox sürətlə irəliləyə bilər. Əks halda müharibə ya bitəcək, ya da uzun illər davam edəcək və milyonlarla insan həlak ola bilər”, – deyə Tramp bildirib.

"FOX News"un məlumatına görə, görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, xüsusi nümayəndə Stiv Uitkoff, eləcə də digər yüksəkvəzifəli şəxslər iştirak edib. Tramp və Zelenskinin danışıqlardan sonra birgə mətbuat qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında aparılan danışıqlarda əsas fikir ayrılığı ərazi məsələləri ilə bağlıdır.

Zelenski isə sosial şəbəkədə paylaşımında Ukraynanın müharibəni dayandırmaq üçün hər cür addıma hazır olduğunu bildirib. Onun sözlərinə görə, sülh danışıqlarında güclü mövqedə olmaq üçün Ukraynanın Avropa və ABŞ-nin dəstəyinə ehtiyacı var.

Qeyd edək ki, Zelenskinin bu açıqlamaları Rusiyanın Kiyevə qarşı yüzlərlə pilotsuz uçuş aparatı və raketlə həyata keçirdiyi hücumlardan sonra səslənib. Hücum nəticəsində azı bir nəfər ölüb, onlarla insan yaralanıb.

Tramp görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və söhbətin “yaxşı və məhsuldar” keçdiyini də açıqlayıb.