Sərhədin delimitasiyası ilə bağlı xəritələrin seçimi ən çətin problemdir və bunun həlli yalnız danışıqlar şəraitində mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, hakim partiyanın deputatı Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, çoxlu xəritələr var, bu xəritələr daim dəyişdirilməsi lazım olur.

“Hazırda dövlət sərhədinin çəkilməsi layihəsi hissə-hissə icra olunur”, - Köçəryan bildirib.

Deputat Ermənistanın radikal müxalifətinin Azərbaycan kəndlərinin qaytarılması məsələsi ətrafındakı təxribatçı cəhdlərinə də diqqət çəkib. Onun fikrincə, artıq onlar üçün manipulyasiya mövzusu xəritə yox, guya Ermənistanın öz ərazisini Azərbaycana verməsi iddiasıdır.

“Ermənistan bunları qəbul etmir. Hakimiyyət sadə prinsiplə fəaliyyət göstərir: bizim olan bizimdir. Amma bu, ikitərəfli saziş çərçivəsində qeydə alınmalıdır”, - Köçəryan vurğulayıb.

Komitə sədri revanşistlərin iddiasının əksinə olaraq, bununla Azərbaycana təhvil veriləcək kəndlərin Ermənistan ərazisi olmadığını qeyd edib.