Ermənistan Baş naziri Nikol Paşinyan komandasını 4 kəndin Azərbaycana qaytarılacağı ilə bağlı məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Nikol Paşinyan dünən parlamentdə Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi ilə bağlı öz mövqeyində saatlarla israr etdi.

Baş nazir artıq onuncu dəfədir xəritə üzərində göstərərək bu ərazilərin Azərbaycana məxsus olduğunu bildirir. Onun sözlərinə görə, bu ərazilər Azərbaycanındır, adları azərbaycancadır”, - nəşr bildirir.

Məlumata görə, Paşinyan yaxınlarda məsələni partiyasının deputatları ilə qapalı toplantında müzakirə edəcək.

“Yerli gəlmişkən, Nikol Paşinyan Təhlükəsizlik Şurasının sonuncu iclasında da demişdi ki, əraziləri təhvil verməliyik”, - nəşr əlavə edir.

Ermənistan baş naziri ötən günlərdə Qazax rayonunun Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin təhvil veriləcəyini açıqlayıb. Paşinyan martın 18-də Tavuşa gedərək bu barədə sakinləri də məlumatlandırıb.