Dörd kəndin Azərbaycana təhvil verilməsindən sonra sərhədin delimitasiyası praktiki mərhələyə keçəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistan 4 kəndi Azərbaycana geri qaytarmağa hazırlaşır. Artıq Nikol Paşinyan bunu rəsmən bəyan edib. Ermənistan uzun illər işğalda saxladığı anklav olmayan Qazaxın 4 kəndini dinc yolla təhvil vermək istəyində olduğunu bildirir. İndiyədək Ermənistanla aparılan danışıqlar nəticəsiz olub, Azərbaycan da ədalətli öz gücünə bərpa edib. Görünür, artıq İrəvanda Azərbaycanın öz gücünü yenidən göstərməsini istəmirlər. Məsələ dinc yolla həllini tapacaqsa, bu, ilk növbədə Ermənistanın xeyrinə olacaq”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, 4 kənd qaytarıldıqdan sonra praktiki olaraq sərhədin delimitasiya-demarkasiyası başlayacaq:

“Nikol Paşinyan da bunu söylədi və prosesin Tavuşdan başlayacağını açıqladı. Gedişat gərginliyi aradan qaldırsa, hər iki tərəfdə sərhəddə sərhədçilərin yerləşdirilməsi də mümkün olacaq. Bunun üçün Ermənistan yersiz iddia və təxribatçı fəaliyyətlərinə son qoymalıdır.

Hesab edirəm ki, Ermənistan Azərbaycanla sərhəddə Rusiyanın yox, öz sərhəd qoşunlarını yerləşdirəcək. Bu da Rusiya ilə Ermənistan arasında növbəti problemə çevriləcək. Çünki Rusiya İran və Türkiyə ilə olduğu kimi, Ermənistanın Azərbaycanla sərhədinə də nəzarət etmək istəyir. Moskva buna görə İrəvanı razı salmağa çalışır. Hələlik Moskva istədiyini ala bilmir.

Ümumiyyətlə, Azərbaycan və Ermənistanın anlaşması Kremldə təşvişlə qarşılanır. Mariya Zaxarovanın 4 kəndin təhvil verilməsinə reaksiyası da bundan xəbər verir. Məsələyə isterik təpki göstərən Zaxarova proses ətrafında “Paşinyan Ermənistan ərazisini verir” təəssüratı yaratmağa çalışır. Amma İrəvan bu ərazilərin Azərbaycana məxsusluğunu rəsmən bəyan edib. Kreml qəzəblidir, çünki gedən qatarı dayandıra bilmir”.