Kreml Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının effektliliyini şübhəli hesab edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan parlamenti tərəfindən AB missiyasına xüsusi statusun verilməsi qərarını şərh edərkən deyib.
“Bəlkə də, belə bir missiyanın potensial effektliliyini şübhə altına almağa dəyər. Söhbət ondan gedir ki, bu monitorinqin məqsədi nədir, bu missiya Azərbaycan tərəfindən tanınıbmı? Doğru başa düşmüşüksə, Azərbaycan tərəfinin həmin missiyanın funksiyalarına mənfi münasibəti var”, - Peskov bildirib.
Rusiya rəsmisi missiyaya verilən yeni mandatın düzgün işləməyəcəyini də söyləyib.
Kreml sözçüsü AB missiyasının yeri və fəaliyyəti kontekstində İrəvanın hərəkətlərini “erməni tərəfinin birtərəfli qərarı” adlandırıb.