Qorxu Ermənistanı Azərbaycana davamlı güzəştə getməyə məcbur edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Stratfor” analitik mərkəzinin təhlilində deyilir.

“Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan sərhədlərin delimitasiyası danışıqları çərçivəsində 1990-cı illərin əvvəlindən saxladığı 4 Azərbaycan kəndini geri qaytarmasa, bu, iki ölkə arasında müharibə ilə nəticələnə bilər. O söyləyib ki, güzəştə getməmək həftəsonunda Azərbaycanla müharibə demək olardı.

Niyə önəmlidir? Paşinyanın qaçılmaz müharibə ilə bağlı bəyanatı mübaliğə olsa da, Ermənistanın Azərbaycanın hərbi əməliyyatlarından qorxduğunu göstərir. Yəqin ki, bu qorxu İrəvanı Bakının tələblərinə tabe olmağa davam etməyə məcbur edəcək. Ermənistanın bu 4 kəndi nə qədər tez qaytaracağı bəlli deyil, amma ehtimal ki, ərazi güzəşti Yuxarı Əskipara və Sofulu anklavlarını (həmçinin Barxudarlı – red.) hələ də Ermənistanın nəzarəti altında olan yeganə Azərbaycan ərazisi olaraq buraxacaq, bu, (4 kəndin təhvil verilməsi) delimitasiyada önəmli irəliləyişə işarə edəcək”, - analizdə bildirilir.

“Stratfor”un iddiasının əksinə olaraq, İrəvanın atacağı addım “ərazi güzəşti” yox, ərazilərin öz sahibinə, yəni Azərbaycana qaytarılması hadisəsi olacaq. Həmçinin təhlildə İrəvana istinadla “2022-ci ildə Azərbaycan tərəfindən ələ keçirilmiş 200 kvadratkilometrə yaxın Ermənistan ərazisi” ifadəsinə də yer verilib ki, bunun da reallıqla heç bir əlaqəsi yoxdur.

Delimitasiya prosesində Azərbaycana qaytarılacaq anklavlara gəlincə, bunların sayı 3 yox, 4-dür - Yuxarı Əskipara, Sofulu və Barxudarlı ilə yanaşı, Naxçıvanın Kərki kəndi də təhvil verilməlidir. Bundan əvvəl qaytarılacaq 4 kənd – Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı isə qeyri-anklavdır.