Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın 4 kəndini qaytarması ilə bağlı açıqlaması ölkəsində müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, açıqlama Ermənistanda revaşinst və separatçı əhval-ruhiyyəni yenidən qızışdırıb.
Həmişə erməni terrorizmi və separatizminin önündə duran kilsə də baş verənlərdən kənarda deyil.
Azərbaycan kəndlərinin qaytarılmasına qarşı çıxanların önündə gedənlərdən biri də Tavuş yeparxiyasının rəhbəri, yepiskop Baqrat Qalstanyandır. İkinci Qarabağ Müharibəsində “qələbəyədək döyüşəcəklərini” iddia edən, işlər tərs getməyə başlayanda isə qəfil kilsəyə çəkilib yoxa çıxan Qalstyan bu dəfə Qazaxın kəndlərinin qaytarılmasına “imkan verməmək”dən danışır
“Biz Paşinyana imkan verməyəcəyik ki, yeni kəndləri, əraziləri təhvil versin”, - yepiskop bildirib.
Özlərini həmin kəndlərin, ümumən "bütün Cənubi Qafqazın əsl sahibləri" hesab edən ermənilər yenidən “səngər qazıb vuruşmaq”dan dəm vurmağa başlayıblar. Separatçı və terrorçulardan ibarət “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyan da belələrinin sözçülüyünü edənlərdəndir. Onun sözlərinə görə, Tavuş sakinləri kəndlərin təhvil verilməsinə mane olmaq üçün səngərlər qazmağı düşünürlər.
“Səngər qazıb savaşmaq” ideyasının İkinci Qarabağ Müharibəsindəki nəticələrini hər kəs bilir.