Ermənistan müharibə istəmirsə, Zəngəzur dəhlizi və kəndlər məsələsinin həllini sürətləndirməlidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Gallup” beynəlxalq mərkəzinin Ermənistanda keçirdiyi son sorğunun nəticəsinə görə, faktiki hər iki ermənidən biri Azərbaycanla yeni müharibə təhlükəsinin real olduğunu bildirib. Əslində, bunun obyektiv səbəbləri var. Biz nə qədər yeni müharibə istəmədiyimizi söyləsək də, 8 kənd və Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqeyimizi davam etdiririk. Bu da ermənilərdə belə əhval-ruhiyyə yaradıb ki, Azərbaycan istəklərini əldə etmək üçün yeni müharibəyə başlaya bilər. Deməli, əgər ermənilər müharibə istəmirlərsə, bu iki məsələnin həllini sürətləndirməlidirlər.
Baş nazir Nikol Paşinyan bölgədə sülhün əldə olunması və əməkdaşlığa başlanılması üçün addım atarsa, bunun qarşılığında Azərbaycan və Türkiyə Ermənistanın regional layihələrə qoşulması üçün imkan yaradacaq. Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq”, - ekspert vurğulayıb.
Elxan Şahinoğlu onu da bildirib ki, Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolundadır:
“Yunanıstan müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib. Birincisi, yunan nazir erməni həmkarı Suren Papkiyanla görüşdən sonra deyib ki, Ermənistan şirkətlərini Yunanıstanın hərbi sahədəki innovasiya araşdırmalarında iştiraka dəvət edib. İkincisi, Yunanıstanın hərbi təhsil müəssisələrinin kurslarında erməni hərbçilərin sayı artırılacaq. Üçüncüsü, Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacaq.
Fransa, Hindistan və Yunanıstanın hərbi sahədə Ermənistanla sıx əlaqələri olmalarına rəğmən, bu ölkələrin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşları Azərbaycandır, rəqəmlər də bundan xəbər verir. Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir, Hindistan Azərbaycan nefti, Yunanıstan isə Azərbaycanı qazının əsas alıcılarındandır. Buna baxmayaraq, Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar.
Əlbəttə, gəlirlərimizi artırmaq məqsədilə heç bir ölkə ilə iqtisadi əlaqələrdən imtina etməməliyik. Bununla yanaşı, diplomatiyamız Ermənistana silah və hərbi texnika satan və qonşu ölkənin ordusunu gücləndirən ölkələrə bunun Azərbaycanda mənfi qarşılandığını da tez-tez xatırlatmalıdır”.