Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında Antalyadakı son görüş əvvəldən razılaşma olduğu üçün bu baş tutdu. Amma bu görüş formal xarakterli oldu, heç bir məsələni həll etməyib.
Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Andranik İspiryan deyib.
Onun sözlərinə görə, Ankara və İrəvan indiyədək sadəcə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına razılaşıb:
“Bir müddət münasibətlərin normallaşması prosesini donduran Türkiyə yenidən bu məsələ ilə bağlı fəallaşıb. Üstəgəl, Avropa Birliyinin Qafqaz üzrə nümayəndəsinin (Toivo Klaar) bəyanatı sübut edir ki, Türkiyə prosesi yenidən başlamaq üçün Qərblə artıq razılığa gəlib. Türkiyə regionda Ermənistan və Rusiyaya qarşı təsir və təzyiqini maksimum artırır. Türkiyənin son dövrlərdəki fəaliyyəti buna hesablanıb”.
İspiryanın fikrincə, Cənubi Qafqazdakı yeni reallıq Azərbaycan və Türkiyənin tam xeyrinədir: Rusiyanın mövqeyi zəifləyib, savaşda məğlub olan Ermənistan yaxşı durumda deyil.
Klaarın Antalya Forumunda Türkiyənin Ermənistan-Azərbaycan sülh prosesində həlledici önəm kəsb edə biləcəyini bəyan etməsinə toxunan İspiryan Ankaranın Cənubi Qafqazda aparıcı dövlət statusuna malik olduğunu da qeyd edib:
“Bu, Qərbin gələcəkdə Cənubi Qafqaza Türkiyənin təsir dairəsi kimi baxdığını göstərir. Türkiyəyə bu bölgədə hökmranlıq mandatı verirlər”.