Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişafında maraqlıdır və etibarlı qonşularına danışıqlar üçün öz platformasını təklif edir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalya Diplomatiya Forumunda çıxışında deyib.
Gürcüstan rəsmisi bildirib ki, Tiflis üçün regionda sülh vacibdir, Bakı və İrəvanın razılığa gələcəyinə, bundan hər iki tərəfin faydalanacağına ümid edir.
Darsaliya qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud çətinlikləri görür, anlayır və nəzərə alır:
“Bu məqsədlə Tiflis əvvəllər də sülhsevər qonşuluq təşəbbüsü ilə çıxış və danışıqların aparılmasında iki ölkəyə dəstək təklif edib. Kənar oyunçuları arenamıza buraxmaqdansa, əməkdaşlığı təşviq etməliyik”.
Nazir müavini vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, ona görə də Tiflis danışıqları və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir.
“Bir neçə ay əvvəl Ermənistanla münasibətlərimizi yenilədik, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. İnanırıq ki, bu, regionda əməkdaşlıq prosesinə böyük töhfə verəcək”, - Darsaliya əlavə edib.