Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatiya Forumunda (Türkiyə) deyib..
“Ermənistanın Azərbaycandan heç bir ərazi tələbi yoxdur, bu, hətta Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin birgə bəyanatlarında da qeyd olunub. Müzakirələri gedən sülh sazişi layihəsində ən azı ilkin mərhələdə ikitərəfli səviyyədə razılaşdırılan iki məqam var. Birincisi, yazılıb ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. İkincisi, ölkələr bu razılaşmadan yayınmaq üçün öz daxili qanunlarına istinad etməyəcəklər. Ərazi məsələlərində bir-birimizdən heç nə tələb etmədiyimizə və etməyəcəyimizə bir-birimizi inandırmağın ən yaxşı yolu sülh sazişinin imzalanmasıdır”, - Rubinyan bildirib.