Qərb bizə kömək etməyə hazırdır, amma Rusiyaya qarşı mübarizəyə razılıq verməliyik.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“Rusiya da, Belarus da, Qazaxıstan da, digər dövlətlər də bildirirlər ki, KTMT-dən çıxmaq sizə heç nə verməyəcək, bundan sonra Fransa Ermənistanı öz çiynində daşımayacaq. Hətta Qərb ölkələrindən olan ekspertlərlə söhbət edəndə də hamısı eyni şeyi deyir: KTMT-dən çıxmaq sizə heç nə verməyəcək, əksinə problemlər yarada bilər”, - ekspert vurğulayıb.
Melkonyana görə, bütün bunlara baxmayaraq, Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT-dən çıxarmaqda qərarlıdır:
“Paşinyanın Parisdə Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu elan etməsi faktı əvvəl de-fakto, indi isə artıq de-yure baş vermiş prosesin rəsmi qablaşdırılması idi”.
Politoloq Yunanıstan mətbuatının Afina və Parisin formalaşdırdığı anti-Türkiyə ittifaqına Ermənistanın da qoşula biləcəyi iddiasına toxunub:
“Belə deyil, reallıq başaqdır. İndiki Ermənistan Türkiyəyə qarşı heç bir addım atmayıb, 2020-ci ildən sonra tez-tez Rusiyanı qınayan bəyanatlar səsləndirilsə də, Türkiyəyə qarşı sıfır bəyanat var. Üstəgəl, Ermənistan bu gün Fransa ilə Türkiyəyə qarşı hərbi təlimlər keçirməyə hazır deyil, çünki bugünkü gündəm Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdır. Nəyin bahasına olur-olsun. Məsələn, Konstitusiya dəyişikliyi hesabına”.
Melkonyan hesab edir ki, Ermənistanın anti-Rusiya siyasəti ölkə üçün yaxşı heç nə vəd eləmir:
“Başımızın üstünü qara buludlar alır. Erməni tərəfinin bəyanatları göstərir ki, Qərbdən gözləntisi var. Çünki siz Rusiyaya qarşı heç bir iş görməsəniz, Qərb heç bir köməklik göstərməyəcək. Rusiyanın müttəfiqi NATO üzvü olan Fransanın paytaxtında KTMT üzvlüyünü dondurduğunu elan edirsə, Qərbdən müəyyən yardım gözləmək olar. Amma problem odur ki, bu yardımı almırıq.
Problem həm də odur ki, Qərb bizə kömək etməyə hazırdır, amma Rusiyaya qarşı mübarizəyə qoşulmağa razılaşsaq. Azərbaycana müqavimət göstərməyi planlaşdırırıqsa, o zaman bizə heç kim kömək etməyəcək. Məsələn, İrana qarşı döyüşmək qərarına gəlsək, bizə kömək edərlər.
Yəni Ukraynadan qat-qat pis vəziyyətdə olmalıyıq ki, bizə kömək etsinlər. Amma yenə də problem var: Ukraynanın strateji düşüncəsi mövcuddur, bizdə yoxdur. Təəssüf ki, dövlətçiliyimiz bir neçə günə məhv edilə bilər”.