Xarici işlər nazirlərinin Almaniya görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçiriəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirib. Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib.

Görünür, Simonyan bu yolla son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmaq istəyib. Ancaq bu kimi açıqlamalar ortamı yumşaltmayacaq, real addımlara ehtiyac var. Real addımlar isə yoxdur”, - ekspert bildirib.

Elxan Şahinoğlu xatırladıb ki, Baş nazir Nikol Paşinyan partiyasının üzvləri ilə keçirdiyi qapalı toplantıda Azərbaycan Prezidenti İlham Əliyevlə Münxen görüşündə nəticə əldə edilmədiyini söyləyib:

“Əslində, Münxen görüşü müsbət nəticəyə hesablanmamışdı, həmin müzakirə gərginliyi azaltmaq üçün hədəflənmişdi. Ancaq Paşinyanın Berlindən dərhal sonra Parisə çağrılması və Fransadan alacağı yeni hərbi texnikalar, üstəgəl, sərhəddə atəşkəsin pozulması hallarının artması Almaniyadakı müzakirələri heçə endirdi. Bu dəfə də belə olacaq, xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək”.