BAKI, 7 iyun. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunda keçirilən növbədənkənar seçkili ümumi yığıncaqda klubun yeni prezidenti müəyyənləşib.
Teleqraf xəbər verir ki, prezident postu uğrunda Hakan Safi və Aziz Yıldırım mübarizə aparıblar.
Rəsmi nəticələrə əsasən, Aziz Yıldırım 17 245 səs toplayaraq seçkinin qalibi olub. Hakan Safi isə 9927 səs qazanıb.
Beləliklə, 3 iyun 2018-ci ildə keçirilən seçkidə məğlub olaraq vəzifəsindən ayrılan Aziz Yıldırım 2926 gündən (8 il 4 gün) sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib.
Seçkidən sonra çıxış edən Yıldırım birlik mesajı verib:
“Dəyərli fənərbağçalılar. Camiəmizdə bir seçki keçirdik, amma qalib “Fənərbağça”dır, Aziz Yıldırım və komandası deyil. Bu gündən etibarən Hakan Safi bəy və bütün üzvlərimizin bir araya gəlməsini arzulayırıq. Onları da təbrik edirik”.
Qeyd edək ki, “Fənərbağça”nın bundan əvvəlki prezidenti Sadəttin Saran olub.