BAKI, 8 iyun. TELEQRAF
Bu yaxınlarda azərbaycanlı futbolçu Səid Aslanov İspaniyanın böyük klublarından biri olan “Real Mursiya”ya transfer olundu. Cəmi 15 yaşında legioner həyatına başlayan gənc müdafiəçi Teleqraf-a müsahibə verib.
“Real Mursiya”nın U-17 komandasında çıxış edən Səid keçidinin necə baş tutduğundan, İspaniya klubundakı təəssüratlarından, gələcək karyera planlarından və Azərbaycan millisində çıxış etmək arzusundan danışıb.
– Futbola neçə yaşınızda başladınız?
– Uşaq vaxtı həm Türkiyədə, həm də Azərbaycanda ödənişli qruplarda məşq etmişəm. 10 yaşımdan ilk məşqçim Elnur Əliyev olub. Dörd il onunla çalışdım. Mənim futbola gəlişimdə onun böyük rolu oldu. Daha sonra AFFA-nın təşkil etdiyi liqalarda oynamağa başladım.
– Buna qədər Azərbaycan klublarından hansında çıxış etmisiniz?
– İlk dəfə “Qarabağ”ın akademiyasına yazıldım. Həmin vaxt klubun aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan məni istəmirdi. Xatırladığım qədərilə, demişdi ki, “qabında futbol oynamaq yoxdur”. Amma məşqçim Elnur Əliyev məni bir il orada saxladı. Xoş olmasa da, bu, məni ruhdan salmadı. Əksinə prinsipiallıq nümayiş etdirib irəli gettdim. Daha sonra “Zirə”yə keçdim, sonra “Vətən”in aşağı yaş qruplarına yazıldım.
– Bəs bu sahəni seçməkdə hansısa futbolçunun təsiri olubmu?
– Uşaqlıqda ailəmlə birlikdə futbol izləyirdim. Atamla evdə köhnə “PlayStation”da futbol oyunları oynayırdıq. Həmin dövrdə bu sahəyə böyük marağım yarandı. Açığı, xüsusi ilham aldığım və ya kumirim olan bir futbolçu olmayıb. Çünki hər oyunçunun mənfi və müsbət xüsusiyyətləri var.
– Xaricə yollanmaq ideyası necə yarandı və bu yolda sizə ən çox kim dəstək oldu?
– Bir neçə ay öncə Moskvadan iki təklif aldım: “Spartak Moskva” və “Kosmos Moskva”. Məşqçim Elnur müəllimlə birlikdə Rusiyaya getdik və 10 gün qaldıq. Qayıdandan sonra seçim etməli olduğum vaxt İspaniyadan təklif gəldi. Ailəm menecer Rauf Hüseynzadə ilə tanış idi, İspaniyaya futbolçular apardığını bilirdik deyə onunla danışmağa başladıq. Rauf müəllim məndə potensial gördü və öz üzərimdə işləsəm, yaxşı futbolçu ola biləcəyimi dedi. Mursiyaya gələndə belə mənə inanaraq uzun yol qət etməyə razı oldu. Buna görə ona xüsusi təşəkkür edirəm.
– Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarına dəvət almısınız?
– Xeyr, indiyədək milli komandalarda çıxış etməmişəm. Gələcəkdə Azərbaycan yığmasının formasını geyinməyi çox istəyirəm.
– İspaniyada sizi necə qarşıladılar?
– İlk vaxtlar özümü çox qəribə hiss edirdim. Qarşıda çətin yolun olduğunu bilirdim və həqiqətən də ağır günlər yaşadım. Hətta depressiyaya düşdüyüm vaxtlar da oldu. Amma indi Allaha şükür ki, ayaqdayam. Düşünürəm ki, bu, yalnız başlanğıcdır.
– İdmançılar üçün təhsil və futbolu paralel aparmaq hər zaman asan olmur. Sizdə bu proses necə gedir?
– İspaniyada təhsil çox vacibdir, hətta bəzi hallarda futboldan da önəmlidir. Burada təhsil almadan futbol oynamaq demək olar ki, mümkün deyil. Hər ikisini eyni anda davam etdirmək çətindir, xüsusilə də dili bilməyəndə... Amma indi ən azından ispanca fikirlərimi ifadə edə bilirəm. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq.
– “Real Mursiya”ya keçidiniz barədə daha ətraflı danışardınız. Klub rəhbərliyi və məşqçilər heyəti sizdən nələr gözləyir?
– “Real Mursiya”nın U-17 komandası ilə müqavilə imzalamışam. Klub rəhbərliyi mənimlə potensialıma görə müqavilə bağladıqlarını və gələcəkdə klub üçün dəyərli oyunçu ola biləcəyimi bildirdi. Həm rəhbərlik, həm də komanda yoldaşlarım məni çox isti qarşıladılar. Məşqçilər məndən növbəti mövsümdə daha da inkişaf etməyimi və əldə etdiyim şanslardan maksimum yararlanmağımı gözləyirlər. Mən də ailəmi, mənə dəstək olan insanları, məşqçilərimi, dostlarımı və Azərbaycanı qürurlandırmaq üçün əlimdən gələni edəcəyəm.
– Klubunuzda Azərbaycan futbolu barədə məlumatı olanlar varmı?
– Əsasən “Qarabağ” klubunu tanıyırlar. Bu da son illərdə avrokuboklarda qazandığı uğurlu nəticələrlə bağlıdır. Amma ümumilikdə desəm, Azərbaycana dair məlumatı olan insanların sayı çox deyil.
– Karyeranızla bağlı əsas planlar nələrdir? Gələcəkdə hansı klubda çıxış etməyi arzulayırsınız?
– Əsas məqsədim Avropada qalmaq, burada inkişaf etmək və daha güclü klublara transfer olunmaqdır. Eyni zamanda Azərbaycanı yüksək səviyyədə təmsil edib tanıtmaq istəyirəm.
– İspaniyada çıxış edən gənc azərbaycanlı futbolçu kimi həmyaşıdlarınıza nə tövsiyə edərdiniz?
– İmkan olduqca xaricə çıxmağı və karyeralarını Avropada davam etdirməyi tövsiyə edərdim. Çünki futbolçu inkişafının nə demək olduğunu burada daha yaxşı anlayırsan. İspaniya və ya digər Avropa ölkələrinin liqalarında oynamaq çox faydalıdır. Burada irəliləmək daha rahat görünə bilər, amma heç də asan deyil. Bunun üçün daim çalışmaq və öz üzərində işləmək lazımdır.