BAKI, 3 iyun. TELEQRAF

Transfermarkt iyun ayı Premyer Liqa oyunçularının bazar dəyəri yenilənməsini tamamlayıb.

Teleqraf xəbər verir ki, ümumilikdə 524 futbolçunun dəyərinin yenidən qiymətləndirildiyi bu yeniləmədən sonra liqanın ümumi dəyəri 240 milyon avro azalaraq 12,37 milyard avroya düşüb.

Buna baxmayaraq, Premyer Liqa dünyanın ən dəyərli liqası statusunu qoruyub.

Yeniləmənin diqqətçəkən məqamlarından biri “Arsenal”ın müdafiəçisi Uilyam Salibanın dəyərinin 10 milyon avro artaraq 100 milyon avroya yüksəlməsi olub. Bu göstərici ilə fransalı futbolçu Transfermarkt tarixində bu həddə çatan ikinci müdafiəçi kimi qeydə alınıb. Bundan əvvəl bu səviyyəyə yalnız 2019-cu ildə “Liverpul”un sabiq futbolçusu Vircil van Deyk yüksəlmişdi.

Onun “Arsenal”dakı müdafiə ortağı Qabriel Maqalhaes isə 75 milyon avroluq bazar dəyərini qoruyub.

Bəzi hücumçu futbolçuların dəyərində azalmalar qeydə alınıb. “Arsenal”ın ulduzu Bukayo Saka 10 milyon avro itirərək 110 milyon avroya düşüb. Florian Virts və Koul Palmer də 110 milyon avrodan 100 milyon avroya geriləyib. “Çelsi”nin yarımmüdafiəçisi Moises Kaysedo da 10 milyon avro dəyər itirərək yenidən 100 milyon avro səviyyəsinə enib.

“Tottenhem”in futbolçusu Dejan Kulusevski isə 18 milyon avroluq azalma ilə güncəlləmənin ən böyük itirəni olub. Uzun müddətdir zədə səbəbindən oynaya bilməyən isveçli futbolçunun dəyəri 35 milyon avrodan 17 milyon avroya düşüb.

Aleksander İsakın dəyəri 15 milyon avro azalaraq 85 milyon avroya enib. Miki van de Venin dəyəri 50 milyon avroya, Rodrinin dəyəri isə yaş və zədə amilləri səbəbindən yenə 50 milyon avro səviyyəsinə düşüb.

Yeniləmənin ən böyük qazananı isə “Bornmut”un gənc futbolçusu Junior Kroupi olub. Premyer Liqadakı ilk mövsümündə 13 qol vuran futbolçunun dəyəri 30 milyon avro artaraq 70 milyon avroya yüksəlib.

“Mançester Siti”nin futbolçusu Rayan Şerki də ilk Premyer Liqa mövsümündə 12 asistlə çıxış etdikdən sonra dəyərini 25 milyon avro artıraraq 90 milyon avroya yüksəldib.

“Mançester Siti” 1,32 milyard avroluq heyət dəyəri ilə siyahının lideri olub. Çempion “Arsenal” 1,25 milyard avro ilə ikinci, “Çelsi” isə 1,12 milyard avro ilə üçüncü sırada qərarlaşıb.

Türk futbolçular arasında ən böyük artım Ferdi Kadıoğlunda qeydə alınıb. “Brayton”da çıxış edən milli futbolçunun dəyəri 5 milyon avro artaraq 35 milyon avroya yüksəlib və bu, onun karyerasında ən yüksək göstərici olub.

“Mançester Yunayted”in qapıçısı Altay Bayındırın dəyəri isə 7 milyon avrodan 5 milyon avroya düşüb. Bu mövsüm az şans qazanan qapıçı cəmi 6 oyunda meydana çıxıb.

“Bornmut”da çıxış edən Enes Ünal da dəyər itirən futbolçular arasında yer alıb. Zədələr səbəbindən cəmi 242 dəqiqə oynayan hücumçunun dəyəri 1 milyon avro azalaraq 7 milyon avroya enib.