BAKI, 3 iyun. TELEQRAF

İtaliyanın “İnter” klubunun niderlandlı futbolçusu Denzel Dumfris karyerasını İspaniyada davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, sağ cinah müdafiəçisi “Real Madrid”lə anlaşıb.

Bildirilir ki, Madrid təmsilçisi 29 yaşlı futbolçunun müqaviləsində yer alan 20 milyon avroluq (təxminən 23,5 milyon dollar) sərbəstqalma məbləğini aktivləşdirib və transferlə bağlı razılıq əldə olunub.

Keçidin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Dumfris 2021-ci ildən “İnter”in formasını geyinir. O, ötən mövsüm Milan təmsilçisinin heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.