BAKI, 23 mart. TELEQRAF
Braziliya millisinin futbolçusu Neymarın 2026-cı il dünya çempionatında iştirakı böyük sual altındadır.
Teleqraf “CNN Brasil"ə istinadən xəbər verir ki, buna hücumçu ilə Braziliya Futbol Konfederasiyası (CBF) rəhbərliyi arasında yaranmış münaqişə səbəb olub.
Məlumata görə, CBF rəhbərliyi Neymarın davranışlarından və mətbuata verdiyi açıqlamalarından narazıdır. Federasiya hesab edir ki, ulduz oyunçu azarkeşləri quruma və baş məşqçi Karlo Ançelottiyə qarşı qaldırmağa çalışır.
Münasibətlərin kəskinləşməsinə "Santos" və "Mirassol" arasındakı matçda yaşanan insident də təsir edib. Belə ki, Karlo Ançelotti Neymarın fiziki durumunu izləmək üçün oyuna gəlsə də, hücumçu nəinki meydana çıxmayıb, hətta stadiona belə gəlməyib. Hazırda Neymarın dünya çempionatı üçün yekun heyətə düşmək şanslarının "sıfıra bərabər" olduğu bildirilir.