BAKI, 30 oktyabr. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunda baş verənlərlə bağlı qərar qəbul edib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz" klubu "İmişli" ilə oyunda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 6000 manat cərimələnib.
Eyni matçda Gəncə təmsilçisi azarkeşlərinin pirotexniki vasitədən istifadə etdiyinə görə 3000 manat ziyana düşüb. "Kəpəz" klubu görüşün 25-ci dəqiqəsində qapıçısı Məmməd Hüseynovun xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün isə 1000 manat cərimələnib. 26 yaşlı futbolçu 4 oyunluq diskvalifikasiya edilib.
“Araz-Naxçıvan” - “Sabah” oyununda qonaq komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Neftçi" isə səfərdə “Qəbələ” ilə oyundan sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat məbləğinda ziyana düşüb.