BAKI, 1 sentyabr. TELEQRAF

Azərbaycanlı futbolçu Yusif İmanov Kosovo təmsilçisi “Malişeva”ya transfer olundu.

23 yaşlı qapıçı legioner həyatı yaşamaq qərarı, hədəfləri və sabiq klubu “Sabah”la yaşadığı problemlə bağlı Teleqraf-an müsahibə verib:

- “Malişeva” klubuna transferiniz necə baş tutdu?

- Ümumiyyətlə, bu transfer müqavilə əsasında oyunçusu olduğum agentlik vasitəsilə həyata keçirildi. Uyğun olaraq müəyyən variantlar gəldi, dəyərləndirildi və sonda da “Malişeva” seçiminin üzərində dayanıldı. Təbii ki, seçim edərkən gələcək karyeram əsas hədəflərdən biri idi.

- Kosovo çempionatı barədə əvvəlcədən məlumatınız vardımı? Seçiminizdə ən çox nə rol oynadı?

- Açığı, əvvəlcədən Kosovo liqası barədə geniş məlumatım yox idi. “Malişeva” klubundan təklif gələndən sonra araşdırmağa başladım. Mənim seçimimdə əsas rol klubun mənə etimadı və oyun praktikası üçün şərait yaratması oldu. Bu mərhələni mən Avropaya açılan qapı kimi görürəm, ona görə də bu addımı çox düşündükdən sonra atdım.

- Müqavilə müddəti nə qədərdir?

- ⁠1+1 illikdir.

- Uyğunlaşma prosesiniz necə davam edir?

- Yavaş-yavaş adabtasiya oluram. Komanda yoldaşlarım məni çox isti qarşıladı. Düşünürəm, tez zamanda komandaya uyğunlaşaraq özümü yaxşı tərəfdən göstərəcəyəm.

- Başqa klublardan və xarici ölkələrdən təklifləriniz oldumu? Transferin bu qədər gecikməsinə səbəb nə idi?

– Bəli, həm ölkə daxilindən, həm də xaricdən müəyyən təkliflər olmuşdu. Amma biz çox tələsmədik. Mənim üçün sadəcə klub dəyişmək yox, düzgün və gələcəyimə faydalı addım atmaq vacib idi. Gecikmənin əsas səbəbi də variantların diqqətlə analiz olunması və ən doğru seçimi etməyimiz idi.

-“Sabah”dan birtərəfli şəkildə ayrılaraq, sabiq klubunuzu FIFA-ya şikayət etmişdiniz. Bəs şikayətinizə cavab nə oldu? Klubla sonradan danışığınız oldu?

– Bu məsələ həm də hüquqi müstəvidə olduğundan geniş danışmaq çox uyğun olmaz. Mən heç vaxt klubumla qarşı-qarşıya gəlmək istəməmişəm. Sadəcə olaraq, hüquqlarımı qorumaq üçün agentliyimdə olan hüquqşünaslarla birlikdə bu addımı atmaq məcburiyyətində qaldıq. Hazırda bütün diqqətimi yeni klubuma yönəltmişəm. “Sabah”da keçirdiyim dövr mənim üçün dəyərli idi və bu günə qədər də hörmətlə xatırlayıram.

- Baş verən hadisələr sizə psixoloji olaraq necə təsir etdi? Xeyli aradan sonra meydanda özünüzü doğruldaraq nəyi hədəfləyirsiniz?

– Təbii ki, asan olmadı. Bir futbolçu üçün meydanda olmamaq və çətin proseslərdən keçmək ağırdır. Xüsusən də bir qapıçı üçün məşq etməmək futboldan uzaqlaşmağa yaxın bir haldır. Bu, həqiqətən çox ağır və acınacaqlı idi. Amma mən bunu sınaq kimi qəbul etdim və özümü psixoloji cəhətdən daha da möhkəmləndirdim. İndi hədəfim “Malişeva”da özümü tam göstərmək, etimadı doğrultmaq və daim inkişaf etməkdir. Mənim üçün ən önəmli olan stabil oyun göstərmək və ardıcıl çıxış etməkdir.

- Necə düşünürsünüz, bir futbolçu olaraq nə qədər müddət lazımdır ki, formanızı bərpa edəsiniz?

– Milli komanda hər bir futbolçunun arzusudur. Mən də daim bu hədəfi qarşıma qoyuram. Bunun üçün isə ilk növbədə klubumda stabil və yaxşı çıxış etməliyəm. Düşünürəm ki, ardıcıl oyunlar və praktika ilə formamı qısa müddətdə bərpa edə bilərəm. Öz üzərimdə çox çalışıram və inanıram ki, yaxın gələcəkdə milli komandaya dəvət almaq üçün hazır olacağam.