BAKI, 10 iyul. TELEQRAF
Yay transfer dönəminin "bomba"sı Turan Manafovun Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubuna keçidi oldu. Azərbaycanda Afrikadan zaman-zaman bir çox futbolçular çıxış etsə də, ilk dəfə azərbaycanlı futbolçu "qara qitə"də legioner həyatı yaşayacaq.
Ötən mövsüm "Kəpəz"də çıxış etmiş 27 yaşlı müdafiəçi transferi ilə bağlı eksklüziv olaraq Teleqraf-a müsahibə verib. Manafov həm seçimi, həm də digər məsələlərlə bağlı maraqlı açıqlamalar verib:
- İlk dəfə azərbaycanlı futbolçu olaraq CAR klubunda çıxış edəcəksiniz. Bunu uğur adlandıraraq sizi təbrik etmək olarmı?
- Bir azərbaycanlı kimi ilk olmaq mənim üçün də maraqlıdır. Ona görə ki, ilk dəfə belə bir yerdə çıxış edəcəyəm. Təbrik etmək isə sizə və məni izləyənlərə qalır.
- Bu, yəqin ki, özünüz üçün də gözlənilməz alındı. Bəs necə oldu ki, təklif aldınız və ora keçmək qərarına gəldiniz?
- Təklif mənə əvvəlcə qəribə gəldi. Düşündüm ki, doğrudanmı belə bir ölkədən, liqadan məni istəyirlər? Komandanın özü təklif yolladı. Apreldə bildirdilər ki, 2 ildir məni izləyir və bəyənirlər.
- CAR-dan olan futbolçularla danışığınız oldumu və ora barədə nə kimi məlumat topladınız?
- Köhnə komandamda mənimlə bir yerdə oynayan Pule Hendrik Ekşteyn var idi, onunla danışıb maraqlandım. CAR-dan olan yarımmüdafiəçi bizə çox müsbət cavablar verdi. Tək o yox, oranı tanıyan bəzi insanlardan da soruşduq, onlar da eyni fikri bildirdilər. Mən də ondan sonra qəti qərarımı verdim. Beləliklə, Cənubi Afrikaya gedəcəyəm (gülür - red.).
- Oraya nə zaman yollanacaqsınız?
- Hazırda vizamı gözləyirəm. Onların səfirliyi bizdə olmadığından, sənədləşmə işləri bir həftə çəkəcək. Hazırda Qaxdayam.
- Bəs klubun yay toplanışına qatıla biləcəksinizmi?
- “Stellenboş” çoxdan toplanışa başlayıb. İyulun 1-dən təlim-məşq keçirlər. Toplanışa çatıb-çatmayacağımı bilmirəm. Bu da vizamın gəlməsindən aslıdır.
- Başqa ölkələrdən də təklifinizin olduğu deyilirdi. Eləcə də Azərbaycandan da bir neçə klubun sizi heyətinə qatmaq istədiyi sirr deyildi. Onlarla danışıqlar uğursuz nəticələndi, yoxsa məqsədiniz xaricdə davam etmək idi?
- Bəli, Azərbaycan komandalarından və başqa ölkələrdən də təkliflər var idi. Lakin bu klub sadəcə daha yaxşı şərtlər təklif etdi. Fikirlərimiz üst-üstə düşdü və düşündüm ki, "Stellenboş" mənim üçün daha yaxşı olacaq.
- Daha öncə bir dəfə Yunanıstanın “Olimpiakos Volos” klubunda legioner həyatı yaşamısınız, lakin uzunmüddətli olmayıb. “Stellenboş”da 3 il davam etmək sizin üçün çətin olmayacaq?
- Yunanıstanda mən yox, komanda tərəfdən problemlər oldu və ona görə oradakı müqavilə qısamüddətli alındı. Həm də oranın səviyyəsi CAR liqasından hərtərəfli aşağı idi.
- Bir futbolçu olaraq hədəfləriniz nədir: Azərbaycan millisinin qarşıdakı rəsmi oyunlarına dəvət almağı hədəfləyirsiniz?
- 27 yaşım var, o qədər də gənc deyiləm. Milli komandaya çağırılmaq barədə heç nə deyə bilmərəm, bu məsələ məşqçilərin qərarına bağlıdır. Amma mən həmişə milli komandaya kömək etməyə hazıram.