Son bir ildə Ermənistanda əhalinin minimum yaşayış xərcləri orta gəlir artımından təxminən 25 faiz çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı, iqtisadçı Tadevos Avetisyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, inflyasiyanın artdığı bu şəraitdə aşağı təbəqənin gəlirləri heç də artmır: pensiyanın baza hissəsi, yoxsulluq müavinəti, minimum əmək haqqı və s. "Vətəndaşların real gəlirlərinin azalması, orta həyat keyfiyyətinin azalması, yoxsulluğun səviyyəsinin artması müşahidə olunur. BMT-nin məlumatına görə, təkcə son 3 ayda Ermənistanda qida çatışmazlığından əziyyət çəkənlərin sayı 80 min nəfər artıb, ailələrin 56 faizi güclə yetərincə qidalanır, 21 faizi isə qida ilə təmin olunmur. Son bir il ərzində bir nəfərin həyatının orta qiyməti ayda 15 min dram civarında artıb.

Ötən il əsas tələbat malları üzrə 30 faizə yaxın inflyasiya qeydə alınıb ki, bu da davamlı artım xarakteri daşıyır.

Misal: Bu ilin iyun ayında ötən ilin iyun ayı ilə müqayisədə çörəyin 20 faiz, makaron məmulatının 30 faiz, tərəvəzin 46 faiz, kartofun 145 faiz, mal ətinin 18 faiz, pendirin qiymətinin 25,5 faiz, kommunal xidmətlərin qiymətləri 25,5 faiz bahalaşıb".

Ekspert qeyd edib ki, Ermənistan ciddi təhlükə və sosial-iqtisadi çağırışlarla üz-üzədir: " Türkiyə-Azərbaycan tandemi hərbi uğura və üstünlüyə malik olaraq bizi “blokun açılması” adı altında öz milli maraqlarının irəliləməsinin növbəti mərhələsini həyata keçirməyə məcbur edir.

Bu, türk təsirinin iqtisadi üsullarla bölgəmizə sonsuz yayılmasının ən qısa yoludur. Türkiyə digər ölkələrə qarşı da fəal şəkildə iqtisadi təsir siyasəti həyata keçirir. Bunun bir çox uğurlu nümunələri var: iqtisadi üsullarla siyasi asılılığın dərinləşməsi və risklərin artması, iqtisadi təhlükəsizlik üçün dönməz nəticələr və müstəqilliyin azalması qaçılmaszdır.

Artıq bu “perspektiv”in müəyyən obrazı cızılır. Ermənistan türk mallarının satıldığı bazara çevrilir. Beləliklə, Ermənistan müqayisəli iqtisadi üstünlüklərini və regiona marağını, əlverişli coğrafi mövqeyini, şimal-cənub əlaqəsini təmin etmək imkanlarını itirəcək".

Tadevos Avetisyan bildirib ki, Ermənistan-Türkiyə xarici ticarətindəki fərq ermənilər üçün yaxşı heç nə vəd eləmir.

"2010-2019-cu illərdə Ermənistan Türkiyədən hər il təxminən 215 milyon ABŞ dolları dəyərində mal idxal edib, cəmi 1,3 ABŞ dolları dəyərində mal ixrac edib. 2019-cu ildə Ermənistan Türkiyədən 268 milyon ABŞ dolları dəyərində mal idxal edib ki, bu da son 10 ildə sabit artım tendensiyası nümayiş etdirib. 44 günlük müharibə ili olan 2020-ci ildə Türkiyədən idxalın həcmi demək olar ki, qorunub. 2021-ci ildə, hətta idxal qadağası şəraitində belə, Türkiyədən Ermənistana 73 milyon ABŞ dolları dəyərində mal idxal edilib ki, bu da əvvəlki 10 ilin orta idxal həcminin demək olar ki, 1/3 hissəsidir.

Qadağa götürüldükdən sonra 2022-ci ilin birinci yarısında Türkiyədən idxalda kəskin artım müşahidə olunub, yəni: ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 dəfə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə təxminən 4 dəfə çoxdur.

Ermənistanın idxal strukturunda Türkiyənin payı 5 faizdən çoxdur. Türkiyəyə ixrac isə Ermənistanın ixrac strukturunda demək olar ki, sıfıra bərabər - 0,1 faiz.

2022-ci ilin birinci yarısında Türkiyədən idxal Ermənistanın Türkiyəyə ixracının həcmini təxminən 240 dəfə üstələyib. Və Ermənistan üçün bu əlverişsiz göstərici əvvəlki dörd ildə xeyli pisləşib. Məsələn, 2019-cu ilin birinci yarısında Türkiyədən idxal Ermənistanın bu ölkəyə ixracını 65 dəfə üstələyib.

Faktiki olaraq, Türkiyə-Azərbaycan tandemi müharibədəki itkilərinin əvəzini indiki vəziyyətdə Ermənistandan maksimum almaq, iqtisadi və diplomatik sahədə milli maraqları birtərəfli qaydada ötürmək istyəyirlər. Ermənistanın indiki hakimiyyəti də blokadanın götürülməsi adı altında ölkənin iqtisadi strateji maraqlarını güzəştə gedir, öz ətrafındakı oliqarxlara super qazanc imkanları yaradırlar.