Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə parlament sədri Alen Simonyan, baş nazirin aparatının rəhbəri Araik Arutunyan və “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak edib.
Paşinyan müdafiə naziri Arşak Karapetyanın Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilməsi və bu vəzifəyə Suren Papikyanın təyin edilməsi barədə qərar qəbul etdiyini bildirib: “Bu qərar dünəndən bu yana baş verən hadisələrin təhlili nəticəsində verilib. Səhər mən cənab Karapetyanı dəvət etdim və ona müdafiə naziri kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, görülən işləri yüksək qiymətləndirirəm, lakin hazırda vəziyyət məni müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı qərara vadar edir”.
Erməni baş nazir qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasında əvvəlcə Baş qərargah rəisi Davtyanın hazırkı vəziyyət və ümumilikdə əməliyyat vəziyyəti ilə bağlı məruzəsini dinləniləcək, həmçinin vəziyyət təhlil ediləcək.