BAKI, 9 iyul. TELEQRAF
Azərbaycanın təbii qaz potensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir. Beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda perspektivli strukturlar üzrə işlər aparılır.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxışı zamanı deyib.
Nazir çıxışı Azərbaycanın enerji trilemmasında - təchizatın təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılıq arasında balansın qorunmasında, xüsusilə Avropaya neft - qaz təchizatında oynadığı rolundan danışıb.
O, Azərbaycanın hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz etdiynii vurğulayıb:
"Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78%-ni, Bolqarıstanda 50%-dən çoxunu, Yunanıstanda 18%-ni, İtaliyada təxminən 16%-ni, Türkiyədə isə 18,5%-ni təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur".
Nazir 2050-ci ilə qədər enerji balansında neft-qazın payının 53%-dən yüksək olmasına dair proqnozlara rəğmən ənənəvi enerji resurslarının inkişafı ilə bağlı hazırkı məhdudiyyətlərin gələcəkdə təchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb.