BAKI, 2 iyun. TELEQRAF

"Baku Energy Week" 40 ölkədən 267 şirkətin iştirakı ilə neft-qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində əldə olunmuş yeniliklərin, təcrübələrin və əməkdaşlıq imkanlarının təqdim edildiyi mühüm beynəlxalq platforma olaraq bu il də enerji sektorunun diqqət mərkəzindədir.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

"Milli Lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycanın enerji tarixində dönüş nöqtəsi sayılan “Əsrin müqaviləsi”nin strateji əhəmiyyəti fonunda təşəkkül tapmış Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 30 illik yubileyini qeyd edir. Bu mötəbər tədbir, Prezident cənab İlham Əliyevin “yaşıl enerji”nin inkişafını təşviq edən uzaqgörən siyasətinin nəticəsi olaraq, artıq 13 ildir ki, “Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi”ni də özündə birləşdirərək miqyasını daha da genişləndirib. Bu platforma enerji sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və regional, eləcə də qlobal layihələrin həyata keçirilməsinə mühüm töhfə verməyə davam edir",- nazir bildirib.