BAKI, 18 yanvar. TELEQRAF
Böyük Britaniyanın Edinburq Universiteti və Fransanın Ətraf Mühit Geologiyası İnstitutu tədqiqatçıları Antarktikanın buzaltı topoqrafiyasını göstərən ən ətraflı xəritəni hazırlayıblar.
Teleqraf xəbərə verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
Tədqiqatçılar “Buz axını pozuntusu analizi” (IFPA) adlı modelləşdirmə texnologiyasından istifadə edərək, buz səthinin ətraflı peyk müşahidələri və buz axını fizikasını əsas götürərək buz altında yerləşən relyefin təxminini veriblər. Nəticədə əvvəl məlum olmayan və ya kifayət qədər öyrənilməmiş geoloji obyektlər, o cümlədən dik sahilli kanallar və dərin vadilər aşkar olunub. Bu strukturlar dünyanın digər bölgələrindəki U-şəkilli buzlaq vadilərini xatırladır.
Yeni xəritə alimlərə Antarktika buzlaqlarının hərəkətini öyrənməyə, həmçinin qlobal dəniz səviyyəsinin yüksəlməsinə təsirlərini qiymətləndirməyə imkan verir. Xəritədə 2-30 kilometr ölçüsündə obyektlər əvvəlkindən daha yüksək dəqiqliklə modelləşdirilib, daha kiçik relyef formaları isə modelləşdirməyə daxil edilməyib.
Tədqiqatın məqaləsində qeyd olunur ki, "IFPA" xəritəsi buzaltı relyefin və buz qalınlığı məlumatlarının birləşməsi ilə peyk müşahidələri əsasında çox ətraflı məlumatların əldə olunmasını mümkün edir. Bundan əlavə, yaradılmış topoqrafik xəritə və landşaft təsnifatı gələcək tədqiqatlar üçün vacib istiqamət göstəricisi olacaq.
Tədqiqat nəticələri "Science" jurnalında dərc edilib.