BAKI, 23 dekabr. TELEQRAF
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilməsi barədə ictimaiyyətə açıqlama verilib.
Bildirilib ki, dekabrın 23-də məhkəmənin baxış iclası keçirilib.
"İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb.
İttiham aktına əsasən təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlu ilə birlikdə, hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə qaydalarını izah edib, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirib və binaya daxil olan abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd ediblər.
İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə verib və öz əməllərini ifadələrində etiraf ediblər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olmuş və istifadə etmiş, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməyib, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmayıb, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olublar. Nəzərinizə çatdırırıq ki, 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilib və onlar ixtisas seçiminə buraxılmayıblar. İş üzrə şahid qismində adı hallanan digər 2 abituriyent isə binaya daxil olana qədər sözügedən texniki vasitələri çıxarıb adi qaydada imtahanda iştirak etdiyi üçün onların nəticələri ləğv edilməyib.
İttiham aktında qeyd olunur ki, “Babayev İslam Elşan oğlu gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satış məqsədi ilə istehsal etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satıb, qeyrilərinin köməkçiliyi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Məmmədov Murad Mahir oğlu və Məmmədov Ayxan İlham oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə təqsirləndirilirlər”, - məlumatda qeyd olunub.
Məhkəmin növbəti iclası 22 yanvar 2026-cı il saat 10:30-a təyin olunub. Həmin gün saat 15:30-da imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər bir cinayət işi üzrə təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da məhkəməsi keçiriləcək.