CƏİLİLABAD, 10 oktyabr. TELEQRAF
Cəlilabadda bir neçə şagird məktəbəhazırlıq qrupuna qəbul edilmir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Şiləvəngə kənd sakini olan 5 yaşlı Şükürova Həmidə Namiq qızı və Məmmədova Banu Səid qızı məktəbəhazırlıq qrupuna qəbuldan kənarda qalıblar.
Kənd müəllimi Əziz Əzizovun sözlərinə görə, valideynlər müxtəlif səbəblərdən uşaqların adlarını vaxtında məktəbəqəbul sisteminə daxil edə bilməyiblər. Daha sonra isə sistem Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən bağlandığı üçün uşaqlar təhsildən kənarda qalıblar.
Məsələ ilə bağlı məktəbin ibtidai sinif müəllimi Cəlilabad Rayon Təhsil Sektoruna müraciət etsə də, cavab gözlədiyindən fərqli olub. Müəllimin sözlərinə görə, nəinki müraciətə müsbət cavab almayıb, hətta ona kobud cavab verilib.
Hazırda uşaqların məktəbəhazırlıq təhsili ala bilməməsi valideynlərin və kənd ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Valideynlər məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin həllini gözləyirlər.
Lənkəran-Astara regional təhsil idarəsinə müvafiq sorğu verilib.