BAKI, 10 oktyabr. TELEQRAF
Bu gün görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür.
Teleqraf xatırladır ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, ölkəmizi hətta respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, təcrübəli pedaqoq, ziyalı xanım, xeyirxah insan, fədakar ana olaraq xatırlanır.
Ziyalı ailəsindən başlanan ömür
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatında fəaliyyəti ilə məktəb yaratmış və "Bakı" və "Baku" qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır. Aida xanım 957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb.
Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru
O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlib. Belə ki, 1966-cı və 1976-cı illərində ərəb filologiyası şöbəsinin müdiri olaraq fəaliyyət göstərib. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışıb. 1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub.
O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib. A.İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən, sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
2005-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin xatirə medalı ilə təltif edilib.
Yaddaşlarda qalan gözəl ana
Aida xanım elmi, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də gözəl, nümunəvi ailəsi və cəmiyyət üçün ləyaqətli övladlar böyütməsi ilə yaddaşlarda qalıb. Həyatını elmə həsr edən böyük qızı akademik Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir.
Həm ailəsində, həm elm dünyasında, həm də müəllim kimi seçilən Aida İmanquliyeva 19 sentyabr 1992-ci il ildə dünyasını dəyişib. Lakin onun elmi araşdırmaları, tədqiqatları bu gün də Azərbaycan şərqşünaslıq elmində bir məxəz kimi istifadə olunur.