BAKI, 10 iyul. TELEQRAF

Sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olan müəllimlər arasında qeydə alınıb.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, riyaziyyat fənni üzrə bəzi bölgələrdə nəticələri zəif olan müəllimlər fəaliyyət göstərir:

"Belə hallarda bəzi məktəblərdə 5 müəllimdən yalnız biri növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək.”

Nazir qeyd edib ki, riyaziyyat fənnindən sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Azərbaycan Beynəlxalq Universitetinin məzunlarıdır.

"Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı daxildir".