BAKI, 2 iyun. TELEQRAF

Sadiq Rəcəbli doqquzuncu sinif buraxılış imtahanından yüksək nəticə göstərən şagirdlərdəndir. O, imtahanda 254.6 bal yığıb. Amma onu həmyaşıdlarından fərqləndirən bir problemi var. Belə ki, Sadiq xərçəng xəstəsidir.

Ötən ildən bəri onkoloji xəstəlikdən əziyyət çəkən Sadiq xəstəliyə təslim olmayıb, dərslərini dayandırmayıb və nəticədə imtahanda yüksək nəticə göstərib.

Ən böyük arzum sağalmaqdır

Sadiqlə danışıb fikirlərini, təəssüratlarını öyrənmək istədik. Deyir, ən böyük arzusu bu xəstəlikdən tam sağalmaqdır.

"İmtahanda çox həyəcanlı idim. Amma nəticə yaxşı oldu. Arzum hüquq fakültəsinin tələbəsi olmaqdır. Təhsilimi bitirdikdən sonra prokuror olmaq istəyirəm".

Xəstəliyi ilə əlaqədar halsız idi, onu çox yormamaq üçün atası ilə söhbətləşmək qərarına gəldik. Atası Samir Rəcəbov deyir ki, ailənin böyük arzusu Sadiqin sağalmağıdır: "Sadiq keçən il oktyabrın 3-dən onkologiyaya yerləşdirilib. Boğazında limfoma aşkarlanıb. Ağır dərəcədədi. Şüa və kimyaterapiya müalicəsi aldı. Hazırda da müalicəsi davam edir. Həftədə bir dəfə kimyaterapiya alır".

Atasının sözlərinə görə, Sadiq xəstəliyə, ağrılara rəğmən heç vaxt dərslərindən qalmayıb: "Anasıyla mən onun üstünə çox düşdük ki, dərsləriylə məşğul olmasın. Ayaqları tutulmuşdu, sistem qoşulurdu. Amma yenə də dərslərindən əl çəkmirdi. Xəstə yanına gələnlər “nə istəyirsən” soruşanda Sadiq ancaq kitab istəyirdi.

Xəstəliyi çox ağırdır, həkim ona məktəbə getməyə icazə vermir, amma buna baxmayaraq oxuyur. Müəllimlər evə gəlir. Hətta evdə də maska geyinməlidir. Kimyaterapiya qəbul etdiyi üçün immuniteti aşağıdır. İmtahanda güclü həyəcan keçirmişdi. İmtahandan sonra çıxıb evə gələndə özünü pis hiss edirdi".

Atası deyir ki, Sadiq humanitar fənləri sevir: "Azərbaycan dili, ingilis dili və riyaziyyatı xüsusilə sevir. Bu fənlərdən çox güclüdür. Üçüncü qrupa hazırlaşmaq istəyir. Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmək, prokuror olmaqdır".

Valideynlər zəng edib xahiş edirdilər ki...

Atasının sözlərinə görə, Sadiq hələ ibtidai sinifdən dərslərinə xüsusi maraqla yanaşıb, heç kimin köməyi olmadan öz üzərində işləyib, çalışıb: "Birinci sinifdən bu uşağa kömək etməmişik, heç kimlə məsləhətləşmədən, özü dərsləriylə məşğul olub. 5-ci, 6-cı sinifdə valideynlər bizə zəng edib xahiş edirdilər ki, Sadiq onların uşaqlarının da dərslərinə kömək etsin".

Ailənin ən böyük arzusu Sadiqin sağalmasıdır. Atası taksi sürücüsü, anası da evdar qadındır. Ailə Sadiqin müalicəsi və təhsili üçün xərclərini qarşılamaqda çətinlik çəkir.

Sadiqin tarix müəllimi olmuş Kamran Şeyxzamanlı da şagirdi haqqında fikirlərini bölüşdü. Müəllimin sözlərinə görə, Sadiq öz həmyaşıdlarından seçilən uşaqdır:

"7, 8-ci sinifdə Sadiqə dərs demişəm. Tarixə çox həvəsi olan, çalışqan, məsuliyyətli uşaqdır. Siniflərində oxuyan uşaq az idi. Sadiq isə çox həvəsli idi. Həmin kənddə insanların maddi durumu aşağıdır. Təhsilli şəxslərin sayı da çox azdır. Bu cür mühitdə Sadiqin əzmlə, iradə ilə çalışmağı çox təqdirəlayiq haldır. O, sinifdə, məktəbdə bütün uşaqlardan fərqli idi. Bütün qiymətləri beş idi. Hər şeylə maraqlanırdı".

Kamran müəllimin sözlərinə görə, xəstəliyi aşkarlananda ailəsi çox sıxıntı çəkib: "Sonra bir müddət dərsə gəlmədi. Dərs buraxmaq Sadiqdən gözlənilən hərəkət deyildi. Maraqlandım, dedilər ki, xəstələnib. Ailəsinin maddi imkanı çox aşağıdır. Xəstəliyi ilə əlaqəli pul lazım idi. Mən sosial şəbəkələrdə elan paylaşdım. Təxminən, 5 min manat pul yığıldı. Bu pul Sadiqin müalicəsinə xərcləndi".

Müəllim qeyd edir ki, Sadiq olduqca iradəli uşaqdır: "O, ətrafda baş verənlərə, xəstəliyinə rəğmən ümidini, əzmini itirmir. Dərsə gedə bilmir, müəllimlər evə gəlir, onlayn dərslərə qoşulur. Göstərdiyi nəticə də göz qabağındadır".

Ailəsi deyir ki, Sadiqin xəstəliyi maddi sıxıntılar yaradıb. İmkanlı şəxslərdən Sadiqlə maraqlanmaq, dərslərinə, təhsilinə, müalicəsinə dəstək olmaq üçün kömək gözləyirlər. Gələcəyin hüquqşünasını xəstəliyin pəncəsindən xilas etmək bəlkə də, bizim əlimizdədir...

Sadiqə şəfa, uğurlar diləyirik. Ümid edirik, cəmiyyət ona biganə qalmayacaq....

Kapital bank: 5239151730900100