BAKI, 1 iyun. TELEQRAF

"Beşinci "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək".

Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci "Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanında bildirib.

Onun sözlərinə görə, əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Qeyd edək ki, bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət daxil olaraq ümumilikdə 16553 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 7256 nəfər Ümumi biliklər mərhələsini uğurla keçərək Analitik təhlil imtahanında iştirak edib. Növbəti addımda isə 1478 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.