BAKI, 1 iyun. TELEQRAF

"Yüksəliş” müsabiqəsinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasının daha bir göstəricisi xaricdə yaşayan iştirakçılar üçün yaradılmış distant imtahan imkanıdır".

Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci "Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanında bildirib.

Onun sözlərinə görə, bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiyada təşkil edilib:

"Hər bir iştirakçı şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçərək QR-kod vasitəsilə imtahan zalına daxil olub, bu isə imtahanın təhlükəsizlik və şəffaflıq səviyyəsini artıran əsas texnoloji yeniliklərdəndir".

Qeyd edək ki, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları T-şkala ilə hesablanacaq. T-şkalası bir çox məşhur beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.