BAKI, 29 may. TELEQRAF
Ötən günlərdə Bakı və regionlarda yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesi başlayıb. Təhsil İnstitutunun yaydığı ilkin məlumata görə, bu il yalnız 6-cı sinif şagirdləri (yəni 7-ci sinfə keçənlər) bu imkandan yararlana biləcəkdi.
Lakin bu qərar övladlarını digər siniflər üzrə xüsusilə 4 və 5-ci siniflərdən liseylərə hazırlayan valideynlərin ciddi narazılığına səbəb olub.
Etiraz edən bir qrup valideyn Elm və Təhsil Nazirliyinin qarşısında toplaşaraq qərarın dəyişdirilməsini istəyib.
Valideyn Zahidə Səmədova Teleqraf-a açıqlamasında qərarın dəyişdirilməsindən məmnun olduğunu bildirib:
“Bizim narazılığımız qərarın mahiyyətindən çox, onun vaxtına idi. Bir ildir övladlarımız bu imtahanlara hazırlaşır. Sağ olsunlar, bizi dinlədilər, ehtiyac və istəyimizi nəzərə aldılar. Nəticədə bizim lehimizə qərar verildi. Bunun üçün minnətdarlığımı bildirirəm. Mənim övladım 4-cü sinifdə oxuyur, Suraxanı rayonundakı 84 nömrəli məktəbdə təhsil alır. Bu il üçün artıq 4, 5 və 7-ci siniflər üzrə də qəbul imtahanı keçiriləcək. Bizə bu barədə məlumat verilib. İmtahan fənləri Azərbaycan dili və riyaziyyat olacaq”.
Zahidə Səmədova qeyd edib ki, hər kəsin təhsil hüququ və fərdi seçimi var:
“Mən kənd məktəbini bitirmişəm və 15 il əvvəl 564 balla universitetə qəbul olmuşam. Bu, o demək deyil ki, məktəblərdə təhsil yoxdur. Amma valideyn olaraq övladımın daha yüksək səviyyəli təhsil almasını istəyirəm. Bu mənim hüququmdur. Orta məktəblərdə də savadlı müəllimlər var, amma lisey seçimi mənim şəxsi qərarımdır”.
Digər bir valideyn Gülxanım İsaqova isə liseyə hazırlıq prosesində özü və övladının çox gərginlik keçirdiyini vurğulayıb:
“Övladım 4-cü sinifdən 5-ci sinifə keçid üzrə liseyə hazırlaşır. Artıq bir ildir bu prosesdəyik, çox əziyyət çəkmişik. Uşağın özü də narahat olub, daim yollarda olmuşuq. Amma sevindirici haldır ki, bizi nəzərə aldılar və nəticə müsbət oldu. Əsas odur ki, nəticə müsbətdir. Bizim üçün də vacib olan bu idi”.
Məsələ ilə bağlı Təhsil İnstitundan Teleqraf-a söyləyiblər ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək:
“Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.
Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”.