BAKI, 20 aprel. TELEQRAF

Aprelin 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni rabitə peyki "Türksat 6A" istismara veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

Məlumata görə, qurğunun orbitə buraxılması türk peyklərinin əhatə dairəsini 3,5 milyarddan 5 milyard insana çatdıracaq.

Respublikanın Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu qeyd edib ki, "Türksat 6A"nın xidmət müddəti azı 15 ildir. O vurğulayıb ki, bu uğur 1994-cü ildə "Türksat 1B", ardınca "Türksat 1C" (1996) və "Türksat 2A" (2001)-in buraxılması ilə başlayan iyirmi illik fəaliyyətin davamıdır.

Peykin istismara verilməsi mərasimi Ankaradakı Türksat Gölbaşi obyektində baş tutacaq. Cihazın istifadəyə verilməsi ilə Türkiyə Hindistan, Tayland, Malayziya və İndoneziyaya rabitə xidmətlərini genişləndirə biləcək.