​BAKI, 8 aprel. TELEQRAF

Bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında çıxışı zamanı deyib.

O bildirib ki, bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.

O həmçinin yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışıb:

"Bununla markerlər ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bilirlər. İstənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsi onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfra salır və bu qayda ilə hər şagirdin ümumi işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır".