​BAKI, 8 aprel. TELEQRAF

Azərbaycanda 2025-2026-cı tədris ili üzrə I sinfə şagird qəbuluna dair yeni dəyişikliklər edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün əvvəlki illərdə həm prioritet, həm də müsabiqə yolu ilə qəbul aparılan bəzi məktəblərdə artıq müsabiqə mərhələsi tətbiq olunmayacaq.

Belə ki, "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin birinci siniflərinə qəbul prosesi yalnız prioritetlər üzrə və sərbəst şəkildə həyata keçiriləcək.

Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə gəlincə, həmin məktəblər üzrə müsabiqələrin keçirilib-keçirilməməsinə qəbul dövründə daxil olan müraciətlərin sayına uyğun olaraq qərar veriləcək.

Qeyd edək ki, yeni qəbul qaydaları valideynlərin seçim imkanlarını genişləndirmək və qəbul prosesini daha şəffaf və əlçatan etmək məqsədi daşıyır.